2027-ci il Dövlət Büdcəsində Dayanıqlı İnkişaf Məqsədləri hədəflənmişdir
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf
strategiyasının uğurla həyata keçirilməsində, makroiqtisadi sabitliyin
qorunmasında və qarşıya qoyulan strateji hədəflərin maliyyə təminatında dövlət
büdcəsi əməli rol oynayır. Bu baxımdan, ölkənin növbəti il üçün əsas maliyyə sənədi
olan Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsinin layihəsi Maliyyə
Nazirliyi tərəfindən qanunvericiliyin tələblərinə və dövlət maliyyə idarəçiliyi
prinsiplərinə uyğun şəkildə yüksək peşəkarlıqla hazırlanmışdır. Layihə ilkin mərhələdə
Baş nazirin sədrliyi ilə İqtisadi Şurada dərindən müzakirə olunmuş, bütün
makroiqtisadi risklər və prioritet istiqamətlər nəzərə alınmaqla təkmilləşdirilmiş
və müvafiq qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edilmişdir.
Daha sonra ölkə Konstitusiyasının tələblərinə və büdcə təqviminin
prosedurlarına uyğun olaraq, hazırda həmin büdcə zərfi artıq üç gündür Milli Məclisdə
geniş və hərtərəfli müzakirə olunmuşdur. Parlamentdə keçirilən müzakirələr
zamanı hökumət nümayəndələrinin, müvafiq nazirliklərin rəhbərlərinin və millət
vəkillərinin fəal iştirakı, səsləndirilən konstruktiv təkliflər, aparılan fikir
mübadilələri qanun layihəsinin ictimai və siyasi əhəmiyyətini bir daha nümayiş
etdirir.
Qanunvericilik təşəbbüsü ilə çıxış edən Maliyyə Nazirliyinin
müəllifi olduğu "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi
haqqında" Qanun layihəsinə dair İiqtisadiyyat Nazirliyi, Mərkəzi Bank,
Hesablama Palatası, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və parlamentin
aidiyyatı komitələrinin rəhbərliklərinin təqdimatlarında səsləndirdikləri real
makroiqtisadi göstəricilər, iqtisadi artım proqnozları, əhalinin sosial
rifahının daha da yaxşılaşdırılması, eləcə də dəqiq maliyyə əsaslandırmaları
qarşıdakı ildə dövlət büdcəsi vəsaitlərindən səmərəli, şəffaf və hədəf yönümlü
istifadə olunacağını deməyə əsas verir.
Azərbaycan Respublikasının qlobal çağırışlara həssas
yanaşması, beynəlxalq təşəbbüslərə fəal qoşulması və üzərinə götürdüyü öhdəlikləri
yüksək səviyyədə icra etməsi 2027-ci ilin də büdcə siyasətinin əsas istiqamətlərindən
birini təşkil edir. Bu kontekstdə, Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) milli
səviyyədə həyata keçirilməsi istiqamətində görülən ardıcıl işlər ölkəmizin beynəlxalq
nüfuzunu daha da artırır. 2026-cı il üzrə Dayanıqlı İnkişaf Hesabatına əsasən,
Azərbaycan 74,31 balla DİM İndeksi üzrə reytinqə daxil edilmiş 169 ölkə
arasında 52-ci yerdə qərarlaşmışdır. Ümumiyyətlə, ölkəmiz DİM İndeksi üzrə
reytinqdə öz mövqeyini davamlı olaraq yaxşılaşdırır və nəticələrin yüksələn
dinamika nümayiş etdirdiyi açıq şəkildə müşahidə olunur. Belə ki, büdcə xərclərinin
formalaşmasında da həmin hədəflər əsas meyər kimi götürülür.
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli Məclisi
Hesablama Palatası ilə birgə fəaliyyəti çərçivəsində DİM məqsədlərinin icrasına
diqqət yetirir. 2023-cü ildə DİM-lərin dövlət büdcəsi sənədində ilk dəfə
Hesablama Palatasının rəyində nəzərə alınması mühüm mərhələ hesab olunur.
2024-cü ildən isə başlayaraq DİM-lər üzrə islahatların təmin edilməsi məqsədilə
icra olunan tədbirlər kontekstində Orta Müddətli Xərclər Çərçivəsinin (OMXÇ)
hazırlanması həyata keçirilir.
Cari il ərzində isə ilk dəfə büdcə xərclərinin DİM-lər üzrə
işarələnməsinin təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi
istiqamətində mühüm institusional islahatlar həyata keçirilmişdir. Hazırda təhsil,
səhiyyə, sosial müdafiə, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi və digər zəruri
sektorlar üzrə nəzərdə tutulan xərclərin 14 milyard manatdan çox hissəsi
birbaşa müvafiq DİM hədəfləri ilə əlaqələndirilmişdir (DİM 1 “Yoxsulluğa son”,
DİM 2 “Aclığa son”, DİM 3 “Yaxşı səhiyyə və rifah”, DİM 4 “Keyfiyyətli təhsil”,
DİM 6 “Təmiz su və sanitariya”, DİM 8 “Layiqli əmək və iqtisadi artım”, DİM 10
“Bərabərsizliyin azaldılması”, DİM 11 “Dayanıqlı şəhərlər və icmalar”, DİM 12
“Məsuliyyətli istehlak və istehsal”, DİM 13 “İqlim dəyişikliyinə qarşı mübarizə”,
DİM 14 “Dəniz ekosisteminin mühafizəsi”, DİM 15 “Torpaq ekosisteminin mühafizəsi”,
DİM 16 “Sülh, ədalət və səmərəli institutlar”).
2027-ci ildən etibarən bu mexanizmin təkmilləşdirilərək həm
birbaşa, həm də dolayı təsirlərin nəzərə alınması ilə tətbiq edilməsi büdcə
resurslarının səmərəliliyini artırmağa, eləcə də vəsaitlərin dayanıqlı inkişaf
prioritetlərinə nə dərəcədə töhfə verdiyini sistemli şəkildə izləməyə imkan
verir. Xüsusilə "Kənd təsərrüfatı" və "Ətraf mühitin mühafizəsi"
sektorları üzrə iqlim dəyişikliyi ilə mübarizəyə yönəldilən vəsaitlərin miqyası
ölkəmizin yaşıl iqtisadiyyat və ekoloji təhlükəsizlik siyasətinə sadiqliyini
bir daha təsdiq edir.
Bununla yanaşı, təqdim olunan büdcə zərfində işğaldan azad
edilmiş torpaqlarımızda – Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən
genişmiqyaslı bərpa, yenidənqurma və quruculuq işləri növbəti ildə də dövlət
maliyyə siyasətinin mütləq prioritetlərindən biri olaraq qalır. Bölgənin
iqtisadi dövriyyəyə daxil edilməsi, müasir infrastrukturun yaradılması və
"Böyük Qayıdış" Dövlət Proqramının uğurla icrası üçün zəruri maliyyə
vəsaitlərinin mərkəzləşdirilmiş qaydada ayrılması ölkəmizin iqtisadi
suverenliyinin daha da möhkəmlənməsinə xidmət edir.
Beləliklə, 2027-ci ilin dövlət büdcəsi layihəsində Dayanıqlı
İnkişaf Məqsədlərinin hədəflərinin dərinləşdirilməsi və iqtisadi prioritetlərlə
uzlaşdırılması "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli
Prioritetlər"in və müvafiq Dövlət Proqramlarının icrasını əhəmiyyətli dərəcədə
sürətləndirir. Aparılan bu məqsədyönlü islahatlar, şəffaf idarəetmə mexanizmləri
və strateji layihələr gələcək illərdə BMT-nin müvafiq hesabatlarında Azərbaycanın
DİM indeksinin daha da yüksələcəyini, ölkəmizin qlobal davamlı inkişaf xəritəsində
mövqeyinin daha da möhkəmlənəcəyini əminliklə deməyə əsas verir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Rəylər
0 Rəy